Kliniki Tibbi Mərkəzin bu şöbəsinə bir il ərzində - 50 minə yaxın müraciət daxil olub

Hit: 244
Kliniki Tibbi Mərkəzin bu şöbəsinə bir il ərzində - 50 minə yaxın müraciət daxil olub
TƏBİB-in əhaliyə keyfiyyətli və ixtisaslı tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə tibb müəssisələrində həyata keçirdiyi yeniliklər müsbət nəticələr verməkdədir. Son dövrlər maddi-texniki bazasında və fəaliyyət istiqamətində ciddi dəyişikliklər olan, yeniliklər baş verən tibb müəssisələrindən biri də Kliniki Tibbi Mərkəzdir.
 
Ən müasir tibbi standartlar səviyyəsində yenidən qurulan Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə son bir ildə 48 792 müraciət daxil olub. Onlardan 7 177 nəfərin vəziyyəti ağır, orta ağır qiymətləndirilib və stasionar müalicəsi təmin olunub. 
 
Aparılan bütün zəruri tədbirlərə baxmayaraq, müraciət edən xəstələrdən 35 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlardan 8 nəfərdə həkiməqədər ölüm faktı qeydə alınıb. Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin “ACİL” şöbələrinin təcrübəsi əsasında formalaşdırılan, Cənubi Qafqazın ən böyük Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub, yaşıl, sarı və qırmızı zonalarla vətəndaşlara xidmət göstərir. 
 
2 canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalından, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaq zallarından ibarət şöbədə müşahidə çarpayılarının sayı ən son tibbi standartlara uyğun olaraq, xəstəxananın ümumi çarpayı fondunun 10-15 faizini təşkil edir. 
Eyni zamanda burada çalışan həkim personalının sayı da xəstəxananın ümumi həkim sayının 10-15 faizi qədərdir. 
Şöbə həftənin 7 günü, sutkanın 24 saatı fasiləsiz şəkildə fəaliyyətini davam etdirir.








Redaktorun seçimi