Azərbaycanın təkcə bu rayonunda 6 min şəhid verdik - Ürəkdağlayan görüntülər - VİDEO

Hit: 8665
Azərbaycanın təkcə bu rayonunda 6 min şəhid verdik - Ürəkdağlayan görüntülər - VİDEO
Ağdam rayonunu Qarabağ düzündə olan ən iri şəhərlərdən biridir. 1747-ci ildə şəhər statusu almış Ağdam, Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
 
Bəli bu gün Ağdamın, Dağlıq Qarabağın mərkəzi olan bir şəhərin işğalından nə az, nə çox düz 23 il keçir. 23 il döğma şəhərlərindən didərgin düşən ağdamlılar hələ də nə vaxtsa doğma yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər. 
 
Hələ 1918-ci ildən Ağdamın üzərini qara buludlar almağa başlayıb. Belə ki, 1918-ci ildə türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onları qarşılamaq üçün 30 nəfərlik fəxri qarovul göndərildi. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.
 
1990-cı illərdə Azərbaycanda baş verən hadisələr Ağdamdan da yan keçmədi. Qarabağ müharibəsi zamanı Ağdam şiddətli qarşıdurmalara səhnə olub. 1993-cü il 12 iyun tarixində erməni işğalçıları Ağdam üzərinə genişmiqyaslı hücuma keçdi. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-də Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb külə döndərildi. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.
 
Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan biri olan “Vətən oğulları”na Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Ağdamın "Qarabağ" futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alan Bağırovun böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.
 
Onun kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında böyük rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda komandasının kapitan olmuşdur.
 
Allahverdi Bağırovun portreti 2014-15 Azərbaycan Kubokunun final oyununda
 
Sonradan 1976-cı ildə komandanın baş məşqiçisi təyin olunan Bağırov, elə həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu, "Qarabağ" futbol klubunun hazırkı baş məşqiçilərindən olan Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
 
"Mənim ilk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi".
 
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmiş Bağırov, 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna da imza atmışdır.
Qarabağ müharibəsində də böyük qəhramanlıq göstərən Allahverdi Bağırov 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Unudulmaz futbolçu, əsanəvi kapitan, Milli Qəhraman Allahverdi Bağırlov 14 iyun 1992-ci ildə 46 yaşında vətən uğrunda döyüşlərdə şəhid olub. 
 
Bu keçən 23 il ərzində Ağdamdan olan məcburi köçkünlərin yeganə ümid yeri doğma şəhərlərini təmsil edən futbol klubu olan "Qarabağ"ın olmasıdır. O "Qarabağ" ki, artıq neçə illərdir ölkəmizi avropa arenalarında layiqincə təmsil edir və Qarabağın, Ağdamın doğma Azərbaycan ərazisi olduğunu bütün avropaya sübut edir.  Ağdam şəhərini təmsil edən Peşəkar Futbol klubu. 1951-ci ilin 23 iyul tarixində "Məhsul" adı ilə fəaliyyətə başlayıb. Klub 1987-ci ilə kimi 3 müxtəlif adla çıxış edib. 1991-ci ilin 23 iyul tarixinə qədər "Qarabağ" ev oyunlarını Ağdam şəhərindəki "İmarət Stadionun"da keçirirdi. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlıqəsəbəsində, daha sonra isə paytaxtd Bakıda keçirir.
 
Ağdamda futbol komandası (1953-cü il)

"Qarabağ" klubu 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda tarixində 4 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. İlk dəfə 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuş klub, daha sonra çempionluğu 20 il gözləməli olub. Qarabağın ikinci çempionluğu 2014-cü ilə təsadüf edir. 20 ildən sonra gələn çempionluq komdanı ruhlandırır və "Qarabağ" ardıcıl çempionluqlar əldə edir. Bundan başqa "Qarabağ" avropada da uğurlar qazanıb. Ardıcıl iki il ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən klub, bu il də avropada uğurlu çıxış edir. Belə ki, Çempionlar Liqasında mübarizə aparan çempionumuz artıq 3-cü mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə "Qarabağ"ın rəqibi Çexiya çempionu "Viktoriya Pilzen"lə qarşılaşacaq.

Ağdamlı azarkeşlər kimi futbolçular da Ağdam şəhərinə, "İmarət" stadionuna qayıdacaqları günü səbirsizliklə gözləyir. Ümid edirik ki, o gün tezliklə gələcək.

Orxan Hacı









Redaktorun seçimi